“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Kubokunun yarımfinal görüşünün cavab oyununda “Milan”a böyükhesablı məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda şərti qonaq qismidə “rossoneri” ilə 1:1 hesablı heç-heçə oynamış “İnter”, şərti meydan sahibi olduğu cavab oyununda əzəli rəqibinə gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.
Simone İnzaqi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz, bu gün bizimlə olan çoxsaylı azarkeşlərimizə çox acıyırıq. Bu, futboldur: “Milan”ın haqqını vermək gərəkdir. Birinci hissəyə görə təəssüflənirəm – yaratdıqlarımız müqabilində biz daha artığına layiq idik. İkinci hissədə isə biz künc zərbəsindən qol buraxdıq, bəxtimiz gətirmədi. Ardıncı isə daha da pis oynadıq.
Görünür, biz ardıcıl iki dəfə məğlub olmağa öyrəşməmişik. Bizə, bu iki məğlubiyyəti düzgün təhlil etmək gərəkdir. Bolonyada biz məğlubiyyətə layiq deyildik (İtaliya A Seriyasının 33-cü turu, “Bolonya” – “İnter”, 1:0). Bu gün isə ikinci hissə üçün güc-qüvvəmiz yetmədi. Amma “Milan”ın haqqını vermək lazımdır, bu mövsümün beş oyununda bizi həmişə çətinə salıb. İlk növbədə, bizə daha artığını etmək gərək idi”, – “TuttomercatoWeb” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Finala yüksəlmiş “Milan” həlledici oyunda “Empoli” – “Bolonya” cütünün qalibi ilə qarşılaşacaq.


