Simone İnzaqi bunu bacaran ikinci məşqçi oldu

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunun “Torino” ilə səfər oyunu “İnter”in baş məşqçisi Simone İnzaqi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İnzaqi ölkə çempionatları tarixində iki fərqli komandanın “sükanı arxasında” 100 və daha çox qələbə qazanan ikinci məşqçi olub.

Turin klubu üzərində qazanılan 2:0 hesablı qələbə İtaliya çempionatında İnzaqinin rəhbərliyi altında “İnter” üçün 100-cü zəfər olub. Beləliklə, mütəxəssis çempionat tarixində iki fərqli komandanın “sükanı arxasında” 100 və daha çox matçda qalib gələn ikinci məşqçiyə çevrilib.

Bu baxımdan rekord vaxtilə “Roma”nın baş məşqçisi kimi 135, “Milan”ın “sükanı arxasında” isə 102 matçda qalib gəlmiş Nils Liedholma məxsusdur.

“İnter”i uğurla çalışdıran Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. 49 yaşlı mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 214 oyun, 140 qələbə, 40 heç-heçə, 34 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 423:185 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb.

Xatırladaq ki, Simone İnzaqi “İnter”dən öncə 2016-2021-ci illər aralığında “Latsio”ya rəhbərlik edib.

Cari mövsümdə keçirdiyi 36 oyunda 77 xal toplamış və İtaliya A Seriyasının 2-ci pilləsində qərarlaşmış “İnter” lider “Napoli”ni (78 xal) daban-dabana təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: