Vüsal İsgəndərli üçün Super Liqa röyası gerçəkləşmədi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolu təmsilçisi bu gün Türkiyə Super Liqasına vəsiqə yolunda növbəti pley-off matçına çıxıb.

Sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin yarımfinalında “Bandırmaspor”la qarşılaşıb. Doğma meydanda keçirilmiş ilk oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşmiş “Boluspor” səfərdə də 0:1 hesabıyla uduzub. Vüsal bu görüşün 72-ci dəqiqəsində, hesab 0:0 olarkən meydana buraxılıb.

Xatırladaq ki, Bolu təmsilçisi pley-offun 1/4 finalında “İstanbulspor”la qarşılaşmış və 2:1 hesablı qələbəyə sevinməklə yarımfinala yüksəlmişdi.

Beləliklə, “Boluspor”a hər iki oyunda qalib gəlmiş “Bandırmaspor” Super Liqaya vəsiqə uğrunda final görüşündə Birinci Liqada mövsümü 3-cü sırada bitirmiş “Fatih Karagümrük”lə qarşılaşacaq. Vüsalın komandası isə elitaya vəsiqə şansını ən azı bir mövsüm də təxirə salıb.

Xatırladaq ki, Birinci Liqanın cari mövsümünün qalibi olmuş “Kocaelispor” və ikinci yeri tutmuş “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıblar.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 41 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: