Brahim Konate “Şamaxı”nı tərk etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” fransalı yarımmüdafiəçisi Brahim Konate ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Klub Konateyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Brahim Konate bölgə təmsilçisinə ötən ilin yayında transfer olunmuşdu. O, “Şamaxı”nın heyətində 30 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Karyerasına Fransanın “Oser” klubunda başlamış Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 29 yaşlı futbolçu karyerası ərzində “Nyor”, “Fuenlabrada”, “Rayo Maxadahonda”, “Kauno Jalgiris”, “Hapoel”i (Afula) kimi klublarda da forma geyinib.

Konate “Şamaxı”nı tərk etsə də, bundan sonrakı karyerasını Azərbaycanda davam etdirəcək. Belə ki, o, Premyer Liqanın digər təmsilçisi “Zirə” ilə anlaşıb. Paytaxt klubunun bu keçidi qısa zaman içində açıqlaması gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: