“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. “Neftçi”nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun ilk dəqiqələrdən yaxşı alındı. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi. Amma 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq futbolçulara da öz təsiriini göstərdi. Hakim də oyunun “ipini” əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün “Neftçi” bir xal qazandı.
Qırmızı vərəqə ilə cəzalanan Bəhlul Mustafazadə belə epizodlarda daha diqqətli olmalıdır. Epizoda baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidir. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi. Futbolçularımıza göstərilən üç qırmızı vərəqənin intizamsızlıqla bağlı olduğunu düşünmürəm. 20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi vəziyyəti bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdır.
Saşa Stamenkoviçin vaxtı aparmasına gəlincə, bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harada görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqqında fikir bildirməsini başa düşmürəm. Gərək, biz də rəqib oyunçular barəsində danışaq?”


