Adrien Rabyo: “Massimiliano Alleqri məni istəsə…”

Marsel “Olimpik”inin 30 yaşlı fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo keçmiş çalışdırıcı Massimiliano Alleqriyə səslənib.

Arena.az məlumat verir ki, Rabyo bir vaxtlar “Yuventus”da baş məşqçisi olmuş Alleqrinin rəhbərliyi altında yenidən oynamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl 57 yaşlı italyan mütəxəssis “Milan”ın sükanı arxasına təyinat alıb.

“Mən Alleqri ilə mütəmadi söhbətləşirəm. Nəinki futbol haqda, elə, yerdə qalan hər şey barəsində. Mən ona bir insan kimi böyük dəyər verirəm. O, qalib zehniyyətə malikdir. Əgər o, məni “Milan”a səsləsə? Mən bunu onunla müzakirə etməyə həmişə hazır olacağam”, deyə Rabyo vurğulayıb.

Xatırladaq ki, Alleqri “Milan”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Alleqri daha əvvəl 2010-2014-cü illərdə “Milan”nı çalışdırıb və “rossoneri”yə İtaliya A Seriyasını (2010/2011) və İtaliya Super Kubokunu (2011) qazandırıb.

Adrien Rabyo isə 2019-2024-cü illərdə “Yuventus”da çıxış edib və bu müddətdə Massimiliano Alleqrinin rəhbərliyi altında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: