Florian Virts “Liverpul” azarkeşlərinə səsləndi

“Livepul”in yeni transferi, 22 yaşlı alman hücumameylli yarımmüdafiəçisi Florian Virts “qırmızılar”ın azarkeşlərinə səslənib.

Arena.az “Liverpul”un mətbuat xidmətinə istinadən, alman futbolçunun müvafiq müraciətini təqdim edir:

“Əlbəttə, mən onların sosial şəbəkələrdə, onların klubuna qoşulamağıma çağıran şərhlərini görmüşəm, odur ki, buna görə onlara təşəkkürümü bildirirəm. Onların qarşısınada oynamaq imkanının və birlikdə zirvələri fəth etməyin intizarındayam. Bəli, mən çox xoşbəxtəm. Siz də bağışlayın ki, sizi bunca gözlətdim”, deyə Virts bildirib.

Florian Virts “Liverpul”la müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Virtsin “Bayer”dən keçidi “qırmızılar”a 125 milon avro məbləğ müqabilində başa gəlib.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edirdi. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virts geridə qalmış 2024/2025-ci illər mövsümündə “əczaçılar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 197 oyun, 57 qol, 65 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 31 oyuna çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: