Tudor: “Mançester Siti”yə darmadağında özüm təqsirkaram”

“Yuventus”un baş məşqçisi İqor Tudor FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Mançester Siti” ilə oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qoca sinoya” “şəhərlilər”in zoruna tab gətirə bilməyib – 2:5.

Tudor matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Hazırda “Mançester Siti” bizim dişimiz üçün deyil. Onları təbrik edirəm, bu, ağır nəticədir, o bizə xoş deyil. Onlar nəhəng keyfiyyətə, xasiyyətə malikdirlər – hər şey yüksək səviyyədədir. Biz hücuma keçmək istəyirdik, ancaq topu özümüzə qaytara bilmirdik. Sonra isə çox dərinə oturduq, onlar isə bizi cəzalandırdılar. Hal-hazırda onlar başqa bir səviyyədədirlər.

Mən bir neçə oyunçuya istirahət vermək və eyni zamanda digərlərini şövqə gətirmək istəyirdim. Bu oyun mənə xoş gəlmədi, amma kimisə təqsirləndirmək gərəkdirsə də, ancaq özümü danlamalıyam, futbolçularımı deyil, hətta nəticəyə rəğmən. Qəribə görünə bilər, amma mən həqiqətən belə düşünürəm”, – “Football Italia” dərgisi 47 yaşlı xorvat mütəxəssisdən sitat gətirir.

3 turdan sonra “Yuventus”un yer aldığı “G” qrupunun yekun yarış cədvəli belə mənzərə yaradır:

  1. “Mançester Siti” – 9 xal;
  2. “Yuventus” – 6 xal;
  3. “Əl-Əyn” – 3 xal;
  4. “Vidad” – 0.

“Mançester Siti” və “Yuventus” yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Ələmə mərhələsində “şəhərlilər” Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaqlar. “Qoca sinyora” isə İspaniya nəhəngi “Real”a “imtahan” verməli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: