Bu yay İtaliyanın “Milan” klubundan azad agent kimi ayrılmış serbiyalı mərkəz hücumçusu Luka Yoviç özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Yunanıstanda çıxış edəcək.
Yoviç bu ölkənin AEK klubu ilə anlaşıb. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, Luka Yoviç Serbiyanın “Srvena Zvezda” klubunun məzunudur. Hücumuçu, karyerası ərzində “Benfika”, “Ayntraxt” (Frankfurt), “Real” və “Fiorentina”da da oynayıb.
“Milan” Yoviçi 2023-cü ilin sentyabr ayında 500 min avro məbləğ müqabilində “Fiorentina”dan tamhüquqlu əsasda satın almışdı.
Yoviç geridə qalmış mövsümdə İtaliya klubu üçün 17 oyuna çıxıb, 4 qol vurub. Serb hücumçunun “rossoneri” üçün çıxışının ümumi mənzərəsi 47 oyun, 13 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Yoviç bu klubla İtaliya Super Kubokunu (2024/2025) qazanıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.



