Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.
Azərbaycan və Macarıstan çempionları arasındakı ilk görüş Budapeşt şəhərində baş tutacaq. “Ferentsvaroş Arena”da keçiriləcək qarşılaşmanı Portuqaliyadan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm ÇL çərçivəsində bütün oyunlarını qələbə ilə başa vurub. Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını (3:0, 1:0), 3-cü raundda isə Şimali Makedoniyanın “Şkendiya” kollektivini hər iki oyunda (1:0, 5:1) üstələmişdi.
Azərbaycan çempionunun pley-offdakı rəqibi isə ÇL-in cari mövsümündə keçirdiyi dörd oyundan üçündə qələbə qazanıb. “Ferentsvaroş” 2-ci raundda Ermənistan çempionu “Noa”nı səfərdə 2:1, evdə 4:3 hesablarıyla məğlub edib. Macarlar 3-cü təsnifat mərhələsində də Bolqarıstan nəhəngi “Ludoqorets”lə səfərdəki qolsuz heç-heçədən sonra evdə 3:0 hesablı darmadağına seviniblər.
“Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqibdir. Azərbaycan çempionu 2022-ci ildə ÇL-in 3-cü raundunda məhz bu komanda ilə qarşılaşmış və evdə 1:1 hesablı heç-heçənin ardından səfərdə 3:1 hesabıyla qələbə qazanaraq pley-offa yüksəlmişdi.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirmək üçün Budapeştdən sərfəli nəticə ilə qayıtmağa borcludur.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
19 avqust
23:00. Ferentsvaroş – Qarabağ
Hakimlər: Juan Pedro da Silva Pineyro, Bruno Migel Alves Jezus, Lusiano Antonio Qomes Maya, Klaudio Filipe Ruivo Pereyra.
VAR: Tyaqo Bruno Lopes Martins.
AVAR: Fabio Oliveyra Melo (hakimlər Portuqaliyadandır).
Budapeşt. “Ferentsvaroş Arena”.


