“Qarabağ” “Ferentsvaroş”u yenə səfərdə məğlub etdi!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.

Azərbaycan və Macarıstan çempionları arasındakı ilk görüş Budapeşt şəhərində baş tutub. “Ferentsvaroş Arena”da keçiriləcək qarşılaşmanı Portuqaliyadan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm ÇL çərçivəsində bütün oyunlarını qələbə ilə başa vurmuşdu. Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını (3:0, 1:0), 3-cü raundda isə Şimali Makedoniyanın “Şkendiya” kollektivini hər iki oyunda (1:0, 5:1) üstələmişdi.

Azərbaycan çempionunun pley-offdakı rəqibi isə ÇL-in cari mövsümündə keçirdiyi dörd oyundan üçündə qələbə qazanmışdı. “Ferentsvaroş” 2-ci raundda Ermənistan çempionu “Noa”nı səfərdə 2:1, evdə 4:3 hesablarıyla məğlub etmişdi. Macarlar 3-cü təsnifat mərhələsində də Bolqarıstan nəhəngi “Ludoqorets”lə səfərdəki qolsuz heç-heçədən sonra evdə 3:0 hesablı darmadağına sevinmişdilər.

“Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqibdir. Azərbaycan çempionu 2022-ci ildə ÇL-in 3-cü raundunda məhz bu komanda ilə qarşılaşmış və evdə 1:1 hesablı heç-heçənin ardından səfərdə 3:1 hesabıyla qələbə qazanaraq pley-offa yüksəlmişdi.

Elə budəfəki oyunda da Ağdam klubu oxşar hesabla qalib gəlib. Oyunda hesabı meydan sahibləri açsalar da, sonradan toparlanan Azərbaycan çempionu rəqibini 3 dəfə məyus etməyi bacarıb. Beləliklə, Qurban Qurbanovun komandası növbəti raunda – ÇL-in Liqa mərhələsinə vəsiqə qazanmaq yoluna çox önəmli bir addım atıb.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
19 avqust

Ferentsvaroş – Qarabağ 1:3
Qollar: Barnabaş Varqa, 29 – Marko Yankoviç, 50. Kevin Medina, 67. Musa Qurbanlı, 85.
Hakimlər: Juan Pedro da Silva Pineyro, Bruno Migel Alves Jezus, Lusiano Antonio Qomes Maya, Klaudio Filipe Ruivo Pereyra.
VAR: Tyaqo Bruno Lopes Martins.
AVAR: Fabio Oliveyra Melo (hakimlər Portuqaliyadandır).
Budapeşt. “Ferentsvaroş Arena”.

Ferentsvaroş: 90. Denes Dibuş (k), 3. Stefan Qartenmann, 19. Barnabaş Varqa, 22. Qabor Salai, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 64. Aleks Tot, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 63. Daniel Radnoti, 99. David Qrof, 5. Nabi Keyta, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 10. Conatan Levi, 16. Kristoffer Zakariassen, 21. Endre Batka, 27. İbrahim Sisse, 30. Şombor Qruber, 33. Kadu, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdulla Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: