“Qarabağ” ÇL-in Liqa mərhələsinin bir addımlığında!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.

Azərbaycan və Macarıstan çempionları arasındakı ilk görüş Budapeşt şəhərində baş tutub. “Ferentsvaroş Arena”da keçirilmiş ilk qarşılaşmada Ağdam təmsilçisi 3:1 hesabıyla qalib başa vurub. Bu üzdən cavab görüşündə ən azı heç-heçə də Azərbaycan çempionunu növbəti mərhələyə daşıyacaq.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm ÇL çərçivəsində bütün oyunlarını qələbə ilə başa vurub. Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını (3:0, 1:0), 3-cü raundda isə Şimali Makedoniyanın “Şkendiya” kollektivini hər iki oyunda (1:0, 5:1) üstələmişdi.

Azərbaycan çempionunun pley-offdakı rəqibi isə ÇL-in cari mövsümündə keçirdiyi beş oyundan üçündə qələbə qazanıb. “Ferentsvaroş” 2-ci raundda Ermənistan çempionu “Noa”nı səfərdə 2:1, evdə 4:3 hesablarıyla məğlub edib. Macarlar 3-cü təsnifat mərhələsində də Bolqarıstan nəhəngi “Ludoqorets”lə səfərdəki qolsuz heç-heçədən sonra evdə 3:0 hesablı darmadağına seviniblər. Komanda ilk məğlubiyyətini isə məhz Ağdam klubundan alıb.

“Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqibdir. Azərbaycan çempionu 2022-ci ildə ÇL-in 3-cü raundunda da məhz bu komanda ilə qarşılaşmış və evdə 1:1 hesablı heç-heçənin ardından səfərdə 3:1 hesabıyla qələbə qazanaraq pley-offa yüksəlmişdi.

Cütün qalibi bu mövsüm ÇL-in Liqa mərhələsində mübarizə aparacaq. Məğlub tərəf isə Avropa Liqasının Liqa mərhələsində yarışacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
27 avqust

20:45. Qarabağ – Ferentsvaroş
Hakimlər: Kleman Turpen, Nikolya Danos, Aleksis Ojer, Romen Lissorq (hamısı Fransa).
VAR: Jerom Brizar (Fransa)
AVAR: Nikolya Renviy (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: