Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.
Azərbaycan və Macarıstan çempionları arasındakı ilk görüş Budapeşt şəhərində baş tutmuşdu. “Ferentsvaroş Arena”da keçirilmiş ilk qarşılaşmada Ağdam təmsilçisi 3:1 hesabıyla qalib gəlmişdi.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm ÇL çərçivəsində bütün oyunlarını qələbə ilə başa vurmuşdu. Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını (3:0, 1:0), 3-cü raundda isə Şimali Makedoniyanın “Şkendiya” kollektivini hər iki oyunda (1:0, 5:1) üstələmişdi.
Azərbaycan çempionunun pley-offdakı rəqibi isə ÇL-in cari mövsümündə keçirdiyi beş oyundan üçündə qələbə qazanmışdı. “Ferentsvaroş” 2-ci raundda Ermənistan çempionu “Noa”nı səfərdə 2:1, evdə 4:3 hesablarıyla məğlub etmişdi. Macarlar 3-cü təsnifat mərhələsində də Bolqarıstan nəhəngi “Ludoqorets”lə səfərdəki qolsuz heç-heçədən sonra evdə 3:0 hesablı darmadağına sevinmişdilər. Komanda ilk məğlubiyyətini isə məhz Ağdam klubundan almışdı.
“Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqib idi. Azərbaycan çempionu 2022-ci ildə ÇL-in 3-cü raundunda da məhz bu komanda ilə qarşılaşmış və evdə 1:1 hesablı heç-heçənin ardından səfərdə 3:1 hesabıyla qələbə qazanaraq pley-offa yüksəlmişdi.
“Qarabağ” bu dəfə də sözügedən rəqiblə ev oyunundan məğlubiyyətlə ayrılıb. Amma ümumi nəticədə üstün olan Azərbaycan çempionu tarixi uğura imza ataraq ÇL-in Liqa mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Məğlub tərəf – “Ferentsvaroş” isə Avropa Liqasının Liqa mərhələsində yarışacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
27 avqust
Qarabağ – Ferentsvaroş 2:3
Qollar: Leandro Andrade, 25. Abdulla Zubir, 45 – Lenni Yozef, 13. Barnabaş Varqa, 55-pen. Aleks Tot, 82.
Hakimlər: Kleman Turpen, Nikolya Danos, Aleksis Ojer, Romen Lissorq (hamısı Fransa).
VAR: Jerom Brizar (Fransa)
AVAR: Nikolya Renviy (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdulla Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ferentsvaroş: 90. Denes Dibuş (k), 5. Nabi Keyta, 10. Conatan Levi, 19. Barnabaş Varqa, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 27. İbrahim Sisse, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 99. David Qrof, 3. Stefan Qartenmann, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 16. Kristoffer Zakariassen, 21. Endre Botka, 22. Qabor Salai, 30. Şombor Qruber, 33. Kadu, 64. Aleks Tot, 72. Adam Madaraş, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.


