Fransa çempionu PSJ-nin hücumçusu Randal Kolo Muani bundan sonra İngiltərənin “Tottenhem” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Tottenhem” 26 yaşlı fransalını bir mövsümlük icatəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Randal Kolo Muani yeniyetməlik illərində “Vilpent”, “Tramble” və “Torsi” klublarında çıxış etdikdən sonra, “Nant”a yol tapıb və “bülbüllər”in heyətində böyük futbolda debüt edib. Ardınca “Bulyon”da icarə əsasında çıxış etmiş Kolo Muani daha sonra Frankfut “Ayntraxt”ının heyətində çıxışı ilə diqqət cəlb edib. PSJ 2023-cü iln sentyabr ayında fransalı futbolçunu 95 milyon avro məbləğ müqabilində “Ayntraxt”dan tamhüquqlu əsasda Paris klubunun düşərgəsinə qatıb. Kolo Muaninin Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Kolo Muaninin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Fransalı futbolçu ötən mövsümü İtaliyanın “Yuventus” klubunda icarədə keçirib – 22 oyun, 10 qol, 3 assist.
Kolo Muani 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 31 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
Kolo Muaninin qənimətlər muzeyində PSJ ilə 2023/2024-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var. Kolo Muani həmçinin “Nant”la Fransa Kubokunun (2021/2022) qalibi olub.
Transfermarkt internet-portalı 26 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
“Tottenhem”də bir ayrılıq da reallaşıb. London klubunun müdafiəçisi Luka Vuşkoviç icarə müqaviləsi əsasında Almaniyanın “Hamburq” komandasına keçib. 18 yaşlı xorvat futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
“Tottenhem” Vuşkoviçi bu yay Xorvatiyanın “Hayduk” klubundan 11 milyon avroya transfer etmişdi. Onunla 5 illik müqavilə imzalanıb.


