Futbol üzrə Özbəkistan millisinin və İngiltərənin “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Abdukodir Xusanov zədələnib.
Arena.az bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
21 yaşlı futbolçu sol baldır əzələsini zədələyib. Gənc müdafiəçi buna görə ən azı 2-3 həftə meydana çıxa bilməyəcək. Bu səbəbdən, Xusanov qarşıdakı oyunlarda milli komandaya da kömək edə bilməyəcək.
Xatırladaq ki, “Mançester Siti” 2025-ci ilin yanvarında Abdukodir Xusanovla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olcaq müqavilə imzaladığını rəsmən bəyan edib. “Şəhərlilər” Xuanovun tamhüquqlu keçidi müqabilində “Lans”a 40 milyon avro məbləğində ödəniş ediblər. Xusanov İngiltərə Premyer Liqası tarixində ilk özbək futbolçu ünvanına sahib olub.
Özbək müdafiəçi ötən mövsüm “şəhərlilər”in heyətində 26 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə o, cəmi 2 oyunda iştirak edib.
Abdukodir Xusanov “Bunyodkor”un yetirməsidir. Müdafiəçi, karyerası ərzində “Energetik-BGU” (Belarus) və “Lans”da çıxış edib.
Xusanov 2023-cü ilin iyun atında debüt etdiyi Özbəkistan millisinin heyətində 22 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Abdukodir Xusanovun qənimətlər muzeyində Özbəkistanın U-20 komandası ilə Asiya Kuboku çempionluğu var.
“Transfermarkt” internet-portalı 21 yaşlı özbək mərkəz müdafiəçisinin trasnfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


