Futbol üzrə İspaniya çempionatının (La Liqa) 2024/2025-ci illər mövsümünün qalibi “Barselona” klub tarixinin rekordunu təkrarlayıb.
Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, komanda buna La Liqanın 2025/2026-cı illər mövsümünün 7-ci turunda “Real Sosyedad”ı məğlub etməklə nail olub.
Son ölkə çempionu bütün yarışlarda ardıcıl 44-cü matçda qol vurub. Əvvəlki rekord 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək Xuan Xose Noqesin baş məşqçi olduğu dönəmə təsadüf edib. Kataloniyalılar həmin vaxt 44 qarşılaşmanın hər birində fərqləniblər.
Qeyd edək ki, “Barselona” ötən gecə qarşılaşdığı “Real Sosyedad”la ev oyunundan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb. Hansi Flikin rəhbərlik etdiyi komanda hazırda La Liqada 19 xalla vahid liderdir. Kataloniya təmsilçisi cari mövsümdə keçirdiyi 7 oyunda 6 qələbə qazanıb, cəmi 1 görüşdə heç-heçə ilə kifayətlənib.