UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.
Arena.az xəbər verir ki, bu haqda Ağdam klubunun yaydığı açıqlamada bildirilib.
Matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaqlar. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.
Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək və azarkeşlər üçün əsl motivasiya mənbəyinə çevriləcək.
Bundan əlavə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda da bir neçə yenilik edilib. Belə ki, VİP biletə sahib azarkeşlər bundan sonra 14 və 15-ci sektorlarda yox, qarşı tribunada – iri həcmli monitor olan sektorlarda yer alacaqlar. Belədə media sektorun yeri nisbətən dəyişdirilib. Həmin sektorlarda oturacaqlar artıq qırmızı örtüklərlə qapadılıb, VİP azarkeşlər üçün stadionun ərazisində restoranın inşasına başlanıb. Buna səbəb əvvəlki VİP-lojanın UEFA-nın ixtiyarına verilməsidir.
Daha əvvəl xəbər verdiyimiz kimi, Ağdam klubu Avropa təcrübəsindən yararlanaraq sektorlara işğaldan azad olunan rayonların adını verib.
Maraq üçün bildirək ki, VİP biletlər 200-500 manat aralığında dəyişir.
Yeri gəlmişkən, “Qarabağ” – “Kopenhagen” matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində də dəyişikliklər ediləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, sabah “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.


