Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki” komandasının baş məşqçisi Bəhmən Həsənov vəzifəsindən istefa verib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, tərəflər arasındakı müqaviləyə baş məşqçinin istəyi ilə, qarşılıqlı razılıq əsasında xitam verilib:
“Bəhmən müəllim daim peşəkarlığı və futbola sevgisi ilə seçilən adlardan olub. Onun komandamızda göstərdiyi əməyə görə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində və həyat yolunda uğurlar arzulayırıq.
“Şəki” hər zaman yaxşı insanları və dəyərli mütəxəssisləri hörmətlə yad edir. Bəhmən Həsənov da bu yolda bizim üçün daim hörmətlə xatırlanacaq”.
“Şəki” köməkçi məşqçi Zeynal Hüseynovun da postundan ayrıldığını diqqətə çatdırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Hüseynova da verdiyi töhfələrə görə minnətdarlığını bildirib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Şəki” İkinci Liqanın cari mövsümündə keçirdiyi 4 oyunda cəmi 2 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. Komanda 6 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


