“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şəhr edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin Qəbələdə keçirilmiş oyunu “Şamaxı”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun idi. Önəmli qələbə qazandıq. “Qəbələ” turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun olacağını gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, ikinci hissədə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq.
Qarşıda millinin oyunlarına görə fasilə olacaq. Zədəlilərimiz də var. Onlar da sıraya döndükdən sonra daha rahat olacaq. Fasilə bağlı ilə bağlı planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaqlar. Beş futbolçumuz U-21 yığmasında olacaq. Buna baxmayaraq, məşqlərimiz eyni səviyyədə davam edəcək”.
Ayxan Abbasov milliyə təyinatından danışdı
Ayxan Abbasov Azərbaycan milli komandasına baş məşqçi təyin edilməsinə də münasibət bildirib:
“AFFA bununla bağlı məlumat verib. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi, o güvəni də gördüm. Milliyə kömək lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, əsas millinin Ukrayna ilə oyuna çıxardıq. Qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır.
Müqavilənin müddəti ilə bağlı heç bir problem yoxdur. Bilirsiniz ki, məndən əvvəlki məşqçilərdə də uzun müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma əldə edilib”.
“Hansı futbolçuda istədiyimizi görsək, çağıracağıq”
Ayxan Abbasov bu gün açıqladığı millinin heyəti ilə bağlı qərarlarını da şərh edib. Belə ki, o, Xorvatiyanın “Varajdin” klubunda hər oyunda meydana çıxan Rüfət Abdullazadəni milliyə dəvət etməyib. Əvəzində Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Mahir Emreli toplanışa cəlb olunub:
“Millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Futbolçular Ukrayna ilə matçdakı istəklərinə görə də yenidən millidə olmağı haqq edirdilər. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.
Mahir Emreli ilə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda nəsə problem ola bilər, oyun təcrübəsi azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. “Kayzerslautern” Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.
Seçim azdır. Milliyə dəvət almış futbolçuların hər birinin klubunda hər an oynamaq şansı var. Mahir Emreli ən yaxşı oyunçumuzdur. Onu kənara atmağımız düzgün olmazdı. Ayxan Hüseynovu yaxından tanıyıram. Qol vurub. Onun yerində oynayanlara baxmaq lazımdır. Ceyhun Nuriyev dubl edib. Rüfət Abdullazadəni izlədim, son oyunu məni qane etmədi. Oynamaq kifayət etmir. Rüfət 45 dəqiqə oynayırsa, milliyə gələcək deyə, bir şey yoxdur. Oyun keyfiyyəti var. Ozan Can Kökçünü də dəvət etmədim. Hansı futbolçuda istədiyimizi görsək, çağıracağıq”.


