Stanislav Lobotka 3-4 həftə oynamayacaq

İtaliyanın “Napoli” klubunun və Slovakiya millisinin futbolçusu Stanislav Lobotka 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, buna səbəb yarımmüdafiəçinin A Seriyasında “Cenoa”ya qalib gəldikləri (2:1) matçda zədələnməsidir. O, Slovakiya yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunları buraxacaq.

Qeyd edək ki, Slovakiya millisi oktyabrın 10-da Şimali İrlandiya, üç gün sonra Lüksemburq yığması ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.

Stanislav Lobotka “Napoli”yə 2020-ci ilin yanvar ayında İspaniyanın “Selta” klubundan 21 milyon avro qarşılığında gəlib. O, A Seriyası təmsilçisində indiyə qədər 206 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı dayaq yarımmüdafiəçisi “Selta” və “Napoli”dən başqa, “Trençin” və “Nodrsyelland”da, həmçinin “Ayaks”ın gənclərdən ibarət komandasında da forma geyinib. O, Slovakiya milli komandasında 69 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: