Ceyhun Bayramov “Qarabağ”ı Neapolda dəstəklədi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının “Napoli” – “Qarabağ” matçını stadiondan izləyib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, fəxri qonaq matç başa çatdıqdan sonra Ağdam klubunun rəhbərliyi, futbolçu və məşqçi heyəti ilə görüşüb.

Ceyhun Bayramov komandanın son illərdəki inkişaf dinamikasını xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.

Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib. O, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

Qeyd edək ki, nazir həmçinin “Napoli” klubunun prezidenti Aurelio De Laurentislə görüşdə də iştirak edib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Napoli” – “Qarabağ” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: