“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma sonra “Qarabağ” sürəti artırdı. Heç-heçə ədalətli nəticədir. “Qarabağ”la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. “Neftçi” ilə kubok oyunundakı 120 dəqiqəlik mübarizədən sonra futbolçularımın əzmkarlığı təqdirəlayiqdir. Belə də davam etməliyik”.
Rəşad Sadıqov hücumdakı problemləri Brahim Konate və Davit Volkovun yoxluğu, digər oyunçuların isə yorğunluğu ilə əlaqələndirib. O, Abdullah Zubirin epizodunda hakimdən qırmızı vərəqə tələb etməsi ilə bağlı suala isə belə aydınlıq gətirib:
“Yəqin ki, gördünüz, 4-cü hakimə yaxınlaşdım. Onunla yarızarafat, yarıciddi danışırdım, yüngül təzyiq göstərirdim (gülür). Aramızda ciddi dialoq olmadı”.


