UEFA reytinqi: “Sabah” əmsalı 5,125-ə çatdırdı

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir edib.

Arena.az xəbər verir ki, “bayquşlar” bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıblar.

Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilmiş bonusdur.

Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 əmsal əlavə olunub. Bununla Azərbaycanın 2026/2027-ci illər mövsümündə qazandığı əmsal 5,125-ə çatıb. Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.

Son 5 mövsümün nəticələrinin nəzərə alındığı ölkə reytinqində isə Azərbaycanın əmsalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib. “Qarabağ” da “Tvente”ni keçərək Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə daha da irəliləmək və İsrail, Ukrayna, hətta Rumıniyanı qabaqlamaq şansı yaranacaq.

Ümumiyyətlə, Azərbaycan 10 illik fasilədən sonra Avropa kubokları yarışlarının əsas mərhələsində iki komanda ilə təmsil oluna bilər. Bu, “Qarabağ”ın Konfrans Liqasının Liqa mərhələsinə düşəcəyi halda baş verəcək.

Ağdam təmsilçisi pley-offun ilk matçında Niderlandda “Tvente”yə qalib gələrək (1:0) mərhələ keçmək üçün yaxşı imkan əldə edib. Sabah Bakıda keçiriləcək cavab matçında Qurban Qurbanovun komandasını heç-heçə də qane edəcək.

Azərbaycan son olaraq qrup yarışında 2016/2017-ci illər mövsümündə iki komanda ilə təmsil olunub. Həmin il (eləcə də ondan əvvəlki mövsümdə) “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynayıb. İndi ağdamlılar artıq cəsiqəni təmin edən “Sabah”la birlikdə addımlaya bilər.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə 101,907 əmsalla vahid liderdir. İtaliya (87,732) ikinci, İspaniya (82,493), Almaniya (80,259) dördüncü, Fransa (68,010) beşinci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: