İspaniya millisinin və İngiltərənin “Fulhem” klubunun sağ vingeri Adama Traore bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Vest Hem” rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma “Vest Hem”in bu keçid üçün “Fulhem”ə 2,3 milyon avro ödədiyi barədə məlumatlar var.
Futbolçunun baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gəldiyi vurğulanır. Onlar daha əvvəl “Vulverhempton”da da birlikdə çalışıblar.
Adama Traore “Barselona”nın yetirməsidir. O, “Aston Villa”, “Midlsbro”, “Vulverhempton”, “Fulhem” kimi klublarda da forma geyinib. “Fulhem” Traoreni 2023-cü ildə heyətinə qatmışdı. O, bu komandada 79 oyuna çıxıb, 4 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.
Traore 2020-ci ildə debüt etdiyi İspaniya yığmasında da 8 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


