“Barselona”nın 18 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi Mark Bernal Kataloniya təmsilçisinin heyətində ilk qolunu vurub.
Arena.az xəbər verir ki, Bernal üçün əlamətdar hadisə İspaniya La Liqasının 23-cü turu çərçivəsində ötən gecə “Kamp Nou”da baş tutmuş “Malyorka” ilə oyunda (3:0) baş verib.
Bernal oyunun 67-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq, “blauqrana”nın 3-cü qoluna imza atıb.
Gənc futbolçu matçdan sonra müvafiq uğunu şərh edib:
“Xeyli məmnunam. “Barsa” üçün ilk qolum – bu, xüsusi duyğudur”, deyə Bernal fərəhlə vurğulayıb.
Dayaq yarımmüdafiəçisi olan Mark Bernal “Barselona”nın yetirməsidir. İspan futbolçu 2024-cü ildən “blauqrana”nın əsas komandasına cəlb olunur.
Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında cəmi 21 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Bernal İspaniyanın U-16 və U-17 yığmalarına cəlb edilib. O, U-17 yığmasında 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Mark 2024/2025-ci illər mövsümündə “Barselona” ilə İspaniya çempionu olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispan dayaq yarmmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


