Ayşən Abduləzimova: “Çətin günlər geridə qalıb”

Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Rumıniyadakı təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, təcrübəli voleybolçu vaxt azlığından şikayətlənib:

“Qızıl Avropa Liqasına hazırlığımız davam edir. Mayın 20-də Rumıniyaya gəldik və burda məşqlərlə bərabər, ev sahibi ilə yoldaşlıq görüşləri də keçirəcəyik. Hazırlıq üçün çox az vaxtımız oldu. Qızıl Avropa Liqasında komandamızın heyətinin əksəriyyəti gənclərdir. Bəzi oyunçularımız milli komandanın heyətində Qızıl Avropa Liqasında ilk matçlarına çıxacaqlar.

Məlum səbəblərdən komanda yoldaşlarımın çoxu mövsüm ərzində zalda məşq belə etməyiblər. Bütün bunlara baxmayaraq, düşünürəm ki, çətin günlər geridə qalıb və biz bir neçə gündən sonra rəsmi görüşlərimizə çıxacağıq. Kapitan kimi çalışacam ki, komanda yoldaşlarıma kömək edim və oyunlar zamanı özümün ən gözəl oyunumu göstərim”.

Ayşən Abduləzimova Qızıl Avropa Liqasındakı rəqiblər və şansları barədə də söz açıb: “Rəqiblərimizə gəldikdə, Avropa çempionatının təsnifat mərhələsində çıxış edərkən Fransa və İspaniya millilərinin oyunlarını izləmişəm. Rumıniya millisi ilə yoldaşlıq matçlarımız olacaq və o zaman rumınların oyunu haqqında daha ətraflı məlumatımız olacaq. Rəqiblərimizi güclü və ya zəif olaraq qruplara ayırmıram. Qrup mərhələsində 6 görüşümüz olacaq və çalışmalıyıq ki, baxımlı kollektiv oyun göstərək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: