“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison nə vaxtsa, Fransa nəhəngi PSJ-nin maraq dairəsində olduğunu etiraf edib.
Arena.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“PSJ ilə bir neçə təmasım olub. Hər dəfə Kilian Mbappe oradan getməyə hazırlaşanda, onlar mənimlə əlaqə yaradırdılar. Bir dəfə təmsilçim hətta Parisə danışıqlara yollanmışdı. Amma keçidim baş tutmadı”, deyə hücumçu təəssüf edib.
Riçarlison 2022-ci iyulundan “Tottenhemdə” çıxış edir. Braziliyalı hücumçunun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Riçarlison cari mövsümdə “mahmızlar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Tottenhem”in heyətindəki ümumi statistikası belədir: 128 oyun, 30 qol, 14 assist.
Braziliyalı hücumçu daha öncə “Everton”, “Fluminense”, “Uotford” və “Amerika Mineyro”nun da formasını geyinib.
Riçarlison 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 54 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu “selesao” ilə 2019-cu il Amerika Kubokunun və 2020-ci Olimpiya Oyunlarının qalibi və ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


