2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin klubla müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovun da bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.
“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu transfer edib.


