Teymur Rəcəbov yarımfinalda!

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində yarımfinalçılar müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da yarımfinala vəsiqə qazanıb.

O, “The FTX Crypto Cup” adı verilən bu mərhələnin 1/4 finalında Niderland təmsilçisi Aniş Giri ilə mübairzə aparıb. İlk gündə bu rəqibini 2.5:1.5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterimiz, ikinci gündəki görüşlərinin hamısını heç-heçə ilə başa vurub. Bununla da 2:2 hesablı heç-heçəyə nail olan Rəcəbov ilk oyun günündəki qələbə sayəsində yarımfinala adlayıb.

Teymur Rəcəbov yarımfinalda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq. İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8.5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7.5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb. Turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Həmçinin 100 min dollar məbləğində bitkoin bonus da nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: