İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/16 finalında Avstriya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqib üzərində qazandıqları 3:0 hesablı qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib.
De la Fuente futbolçularının demək olar ki, qüsursuz oyun sərgilədiyini bildirib:
“Böyük komandalar məhz ehtiyac duyulduğu anda özlərini göstərirlər. Düşünürəm ki, bu gün əla oyun izlədik. Demək olar ki, bütün komponentlərdə qüsursuz çıxış etdik. Bununla belə, inkişaf etməyə davam etməliyik. Bundan sonra hər oyun daha çətin olacaq. 1/8 finalda bizi daha güclü rəqib gözləyir. Həmişə daha yaxşı oynamaq mümkündür və komandamızın buna ehtiyacı var. Bu futbolçular daim daha artığını istəyirlər. Mikel Oyarsabal da, digər komanda yoldaşları kimi, bu gün öz keyfiyyətlərini tam nümayiş etdirdi”.
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik isə məğlubiyyətə baxmayaraq, komandasının turnirdəki çıxışını müsbət qiymətləndirib. Almaniyalı çalışdırıcı ilk qola qədər oyunun bərabər keçdiyini vurğulayıb:
“Əlbəttə, dünya çempionatı bizim üçün başa çatdığına görə məyusuq. İlk qolu buraxana qədər oyunda idik. Qol imkanlarımız və təhlükəli hücumlarımız oldu, lakin bir qədər cəsarətli davransaydıq, onlardan daha yaxşı yararlana bilərdik. Xüsusilə də Mixael Qreqoriçin epizodu oyunun dönüş nöqtələrindən biri idi. Bununla belə, etiraf etməliyik ki, bu gün çox güclü rəqiblə qarşılaşdıq”.
Ranqnik əlavə edib ki, Avstriya mundialda qarşısına qoyduğu əsas hədəfi yerinə yetirib:
“Komanda dünya çempionatında məqsədinə çatdı. Çox çətin qrupdan çıxaraq pley-offa yüksəldik. Püşkatmadan sonra ikinci yeri tutacağımız təqdirdə İspaniya ilə qarşılaşa biləcəyimizi bilirdik və bunun nə qədər böyük sınaq olacağını anlayırdıq. Hesab edirəm ki, bu komanda digər rəqiblərin əksəriyyətinə qarşı bərabər mübarizə aparacaq və növbəti mərhələyə yüksəlmək şansı qazanacaqdı”.


