Qurban Qurbanov: “ÇSKA ilə matçda çox diqqətli olmalıyıq”

“Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci raundunda ÇSKA-ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan təmsilçiləri arasındakı ilk oyun sabah Bakıda baş tutacaq.

Qurban Qurbanov matçdan öncə təşkil edilmiş mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Jurnalistlərimizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. “Sabah”ı da ötən gün avrokuboklarda qazandığı növbəti qələbə münasibəti ilə təbrik etmək istərdim. Həmçinin “Neftçi”yə də qarşıdakı oyunda uğurlar arzulayıram. Bizə gəlincə, yaxşı komandaya qarşı oynayacağıq. Rəqib fərqlidir, hər görüşdə fərqli formada çıxış edirlər. Lakin inanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq. Komanda daxilində müsbət mənada çox dəyişiklik var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Ümid edirik ki, bu dəfə də istədiyimiz oyunu meydanda göstərə biləcəyik. Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram.

Komandanın oyununu stabilləşdirmək asan məsələ olmayacaq. Hazırlıq prosesində müəyyən problemlərin yaşanması qaçılmazdır. Hazırda bütün futbolçular eyni fiziki durumda deyillər. Yay mövsümünün isti hava şəraiti də oyunun tempinə təsir göstərir ki, bunu əvvəlki illərdə də dəfələrlə müşahidə etmişik. Üstəlik, heyətdə çoxlu dəyişikliklər baş verib və bunun komandanın çıxışına təsirsiz ötüşməsi mümkün deyil. Komandanın nə vaxt tam optimal formaya çatacağını indidən söyləmək çətindir. Amma inanıram ki, hər keçən gün daha yaxşı vəziyyətə gələcəyik”.

Qurban Qurbanov heyətlə bağlı ciddi problem olmadığını da vurğulayıb:

“Dani Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər. Xoni Montielin əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan fikirlər doğru deyil. Montiel əsas komandadadır”.

İyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – CSKA (Sofiya) oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: