Rafael Leao: “Uyğun təklif olsa, onu dəyərləndirəcəyəm”

İtaliyanın “Milan”ın klubunun cinah hücumçusu Rafael Leao yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu klub rəhbərliyi ilə karyerasında yeni mərhələyə keçid imkanını müzakirə etdiyini açıqlayıb:

“Artıq klubla karyeramın yeni mərhələsinə keçid imkanını müzakirə etmişəm. Bundan sonra nə baş verəcəyini bilmirəm. İyulun 29-da “Milan”ın düşərgəsinə qoşulmalıyam. Burada olduğum müddətdə mənə çox şey qazandırmış bu formaya hörmət əlaməti olaraq əlimdən gələni edəcəyəm. Klub mənə çox kömək edib, amma həyatda ambisiyalar da var. Əgər uyğun təklif olsa, onu dəyərləndirəcəyəm. Hələlik isə mən “Milan”ın futbolçusuyam”.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Leao son mövsümdə “Milan” üçün bütün yarışlarda 31 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 291 oyun, 80 qol və 85 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: