“Latsio”nun 18 yaşlı sol cinah müdafiəçisi Lorenso Kalvani bundan sonra İtaliyanın digər klubu “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Yeniyetmə futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş 3 illik müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. İtaliyalı futbolçu hələlik “Milan”ın gənclər komandasında çıxış edəcək. “Milan” bu transfer üçün “Latsio”ya cəmi 500 min avro ödəyib.
Xatırladaq ki, Lorenso Kalvani “Latsio”nun yetirməsidir. O, 2025/2026-cı illər mövsümündə paytaxt klubunun gənclərdən ibarət komandasında 34 matça çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
Kalvani İtaliyanın U-15, U-16 və U-17 yığmalarında da forma geyinib.


