Karlos Espi “Real”da – Rəsmi

İspaniyanın “Levante” klubunun gənc mərkəz hücumçusu Karlos Espi bundan sonra La Liqa nəhəngi “Real”ın (Madrid) uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

“Real” ispaniyalı forvardın transferi üçün onun klubuna 25 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb.

Karlos Espi “Tavernes” və “Alzira” klublarının yetirməsidir. O, 2022-ci ilin yayında “Alzira”dan “Levante”yə keçmişdi. Gənc forvard bu klubun əsas komandasının heyətində 66 oyuna çıxıb, 20 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Espi İspaniyanın U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: