Madrid “Real”ının qapıçısı Fransisko Xavyer Qonsales Peres (Fran Qonsales kimi tanınır – red) bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Əndəlus klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
21 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transferin digər detalları açıqlanmır.
Boyu 1,99 metr olan futbolçu 2024/2025-ci illər mövsümündə, 19 yaşında La Liqanın 30-cu turunda “Santyaqo Bernabeu”da “Valensiya” ilə qarşılaşmada “Real”ın əsas komandasında ilk rəsmi oyununu keçirib. Lakin o, ispan qolkiperin doğma klubunun əsas komandasındakı yeganə matçı olub.
Fran Qonsales İspaniyanın U-19 yığması ilə 2024-cü ildə Avropa çempionu olub. O, İspaniyanın U-21 yığmasında da 3 matçda forma geyinib.
“Transfermarkt” internet-portalı 21 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


