Almaniyanın “Leypsiq” komandasının və Macarıstan millisinin qapıçısı Peter Qulaçi bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
36 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb və anlaşma 2028-ci ilin yayına qədər qüvvədə olacaq. “Vilyarreal” macar qapıçının transferi üçün “Leypsiq”ə 2 milyon avro ödəyib.
Peter Qulaçi 2015-ci ildən “Leypsiq”də çıxış edirdi. O, 11 il ərzində Almaniya klubunun heyətində ikinci Bundesliqadan Çempionlar Liqasının yarımfinalına qədər yüksəlib.
Qulaçi “Leypsiq”in əsas komandasında bütün turnirlərdə 362 matç keçirib və 117 oyunda qapısını toxunulmaz saxlayıb. Macarıstanlı qapıçı klubla iki dəfə Almaniya Kubokunu, bir dəfə isə Almaniya Super Kubokunu qazanıb. Onun Macarıstan millisində də 58 oyunu var.
Qulaçi “Leypsiq”dən ayrılarkən klubun azarkeşlərinə təşəkkür edib. O, 2015-ci ildə komandaya gəldiyi vaxt “Leypsiq”in ikinci Bundesliqada çıxış etdiyini xatırladaraq, klubla birlikdə Bundesliqaya yüksəldiyini, Avropa turnirlərində mühüm oyunlar keçirdiyini və tarixindəki ilk titulları qazandığını bildirib. 36 yaşlı qapıçı “Leypsiq”də keçirdiyi 11 ildən sonra karyerasında yeni səhifə açacağını və Almaniya klubunu böyük minnətdarlıq, qürur və güclü emosiyalarla tərk etdiyini vurğulayıb.



