Futbol üzrə Gürcüstan yığma komandasının da üzvü olan 24 yaşlı mərkəz müdafiəçisi Saba Sazоnov İspaniyanın “Xetafe” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı futbolçu İtaliyanın “Torino” klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra “Xetafe”yə azad agent kimi qoşulub.
Sazоnov 2023-cü ilin avqustundan “Torino”nun formasını geyinirdi. O, bu müddətdə bütün turnirlər çərçivəsində cəmi 13 oyuna çıxıb. Saba həmin görüşlərdə məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü Rusiyanın “Zenit” klubunun yetirməsidir. O, bu ölkədə Moskva “Dinamo”sunun da uğurları üçün çalışıb.
Gürcüstanın U-21 yığmasında da oynamış 24 yaşlı futbolçu 2022-ci ildə əsas millidə debüt edib. O, millinin heyətində 3 matçda iştirak edib, məhsuldarlığı ilə diqqət çəkməyib.


