Vinisius Junior “Real”la yeni müqaviləyə imza atdı – Rəsmi

Braziliya millisinin və Madrid “Real”ının 25 yaşlı cinah hücumçusu Vinisius Junior İspaniya nəhəngi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb. Futbolçunun yeni sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

“Vini” “Real”da 375 oyun keçirib, 128 qol vurub, 100 məhsuldar ötürmə verib.

Vinisius “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 54 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: