Aksel Disasi “Çelsi”ni “Kristal Pelas”a dəyişdi

“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının üzvü olan Aksel Disasi bundan sonra “Kristal Pelas”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 28 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aksel Disasi “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.

Xatırladaq ki, Disasi “Çelsi”yə gələndən sonra “Aston Villa” və “Vest Hem”də də icarədə olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: