Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Barselona” bu transfer üçün Türkiyə klubuna 2 milyon avro ödəyib. 31 yaşlı qolkiper Kataloniya klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.
Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer etmişdi. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. Livakoviç ötən mövsümü icarə əsasında “Jirona”da və Zaqreb “Dinamo”sunda keçirib.
Livakoviç “Fənərbağça”dan öncə Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 79 oyunda 86 qol buraxıb, 24 matçda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


