Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Voleybol üzrə Avropa çempionatından sonra yığmadan gedəcəyi açıqlamış Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirib.

Arena.az xəbər verir ki, 36 yaşlı idmançı son olaraq bu gün Avropa çempionatının (AÇ-2026) 1/8 final mərhələsi çərçivəsində Türkiyə yığması ilə matçda iştirak edib.

İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:16, 25:22).

Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Rəhimovaya uzun illər ərzində millimizə, ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gül təqdim olunub. Təcrübəli voleybolçunun millimizin baş məşqçisi Faiq Qarayevlə birgə xatirə fotosu çəkilib.

Xatırladaq ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinirdi. O, hələ AÇ-2026-dan öncə bu qitə birinciliyinin millimizdəki sonuncu turniri olacağını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: