Deniz Gül “Qalatasaray”a gəldi, Viktor Nelsson ayrıldı

Türkiyə çempionu “Qalatasaray” heyətini iki yeni futbolçu – hücumçu Deniz Gül və müdafiəçi Əl-Şaday Bitşiabu ilə gücləndirib.

Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Deniz Gül Portuqaliyanın “Portu” klubundan 10 milyon avroya transfer edilib. 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Bitşiabu isə Almaniyanın “Leypsiq” klubundan cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. 21 yaşlı mərkəz müdafiəçisinin bir mövsümlük icarəsi üçün 2 milyon avro ödəmiş Türkiyə çempionu onun transfer hüquqlarını da almaq istəsə, əlavə 28 milyon avro xərcə düşməlidir.

Deniz İsveçdə dünyaya göz açıb və bu ölkənin vətəndaşlığını daşıyır. O, peşəkar karyerasına İsveçin “Hammarbü” klubunda başlayıb. 2024-cü ildə 5,19 milyon avroya “Portu”ya keçmiş hücumçu Portuqaliya komandasının heyətində 71 oyuna çıxıb, 9 qol və 2 assistlə yadda qalıb.

İsveçin U-19, U-20 və U-21 yığmalarında oynamış Deniz 2025-ci ildən Türkiyənin əsas millisində forma geyinir. O, yığmanın heyətində 10 oyuna çıxıb, 2 qola imza atıb.

Fransadan olan Əl-Şaday Bitşiabu isə peşəkar karyerasına PSJ-də başlayıb. Paris klubunun əsas komandasında 19 oyun keçirmiş müdafiəçi 2023-cü ildə 15 milyon avroya “Leypsiq”ə keçib. O, Almaniya klubunun əsas komandasında 48 oyuna çıxıb.

Bitşiabu Fransanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Qalatasaray”da bir ayrılıq da yaşanıb. İstanbul klubu danimarkalı mərkəz müdafiəçisi Viktor Nelssonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 27 yaşlı futbolçu azad agent kimi yetirməsi olduğu “Nordsyelland”a keçib. O, köhnə-yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Viktor Nelsson “Nordsyelland”la yanaşı, ölkəsində “Kopenhagen”in də formasını geyinib. O, “Qalatasaray”a 2021-ci ildə 7 milyon avro qarşılığında keçmişdi. Müdafiəçi İstanbul klubunda 144 oyun keçirib, 4 qol və 1 assistlə yadda qalıb. Son illərdə isə o, “Roma” və “Verona”da icarədə olub.

Nelsson 2020-ci ildən formasını geyindiyi Danimarka yığmasının heyətində 18 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: