Futbol üzrə Braziliya yığmasının sabiq üzvü, “Santos” klubunun hücumçusu Neymar sağ bud nahiyəsindən əzələ zədəsi alıb.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçunun tam bərpası üçün 5-6 həftə vaxt tələb oluna bilər.
Neymar zədəsini Braziliya Kubokunun “Palmeyras”a qarşı cavab matçında (0:0) alıb. Sentyabrın 3-də keçirilən qarşılaşmada hücumçu fasilədə əvəzlənib. Komandalar arasındakı ilk görüşdə “Palmeyras” 3:0 hesablı qələbə qazanıb.
Neymar 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan “Santos”a keçib. Bundan əvvəl o, Fransa PSJ-sində çıxış edib. Paris klubu 2017-ci ildə braziliyalının transferi üçün “Barselona”ya dünya futbolu tarixinin rekord məbləğini – 222 milyon avro ödəyib.
Neymar PSJ-nin heyətində 5 dəfə Fransa çempionu olub, 4 dəfə ölkə Superkubokunu, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Liqa Kubokunu qazanıb.
Karyerası ərzində “Barselona”da da çıxış edən futbolçu İspaniya çempionatını 2 dəfə, ölkə kubokunu 3 dəfə, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Kubokunu isə 1 dəfə qazanıb. Neymarın peşəkar karyerasına başladığı “Santos”la isə Braziliya Kuboku və Libertadores Kubokunun qalibi olub.
Neymar Braziliya millisinin tarixində ən məhsuldar futbolçudur. O, yığmanın heyətində 130 oyunda 80 qol vurub. Hücumçu Braziliya ilə 2016-cı ildə Olimpiya çempionu olub, 2012-ci il Olimpiadasında və 2021-ci il Amerika Kubokunda gümüş medal qazanıb, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun qalibi olub.
Futbolçu 2026-cı il dünya çempionatında 2023-cü ilin oktyabrından sonra ilk dəfə Braziliya millisinin formasını geyinib. Neymar iyul ayında milli komandada çıxışını başa vurduğunu açıqlayıb.


