Dünyanın ən ali futbol qurumuna rəhbərlik edən Canni İnfantino 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində yenidən namizəd olacaq.
Arena.az xəbər verir ki, bunu FIFA nümayəndəsi jurnalist Rob Harrisin “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada təsdiqləyib.
“İnfantino aprel ayında 2027-ci ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlamışdı. Əlbəttə, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçiləcək”, – deyə qurum rəsmisi bildirib.
56 yaşlı İnfantino 2016-cı ilin fevralında FIFA-nın növbədənkənar Konqresində təşkilatın prezidenti seçilib. Daha sonra o, iki dəfə alternativ namizəd olmadan yenidən prezident seçilib.
Ali futbol qurumunun prezident postu uğrunda növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Bu dəfə alternativ namizədlərin olması istisna edilmir. Çünki dünya çempionatından (DÇ-2026) sonra İnfantinonun yenidən bu quruma rəhbər seçilməsini əksər federasiyalar istəmirlər.


