Teves: “Ronaldo və Messi vida matçımda eyni heyətdə olacaqlar”

Argentinalı veteran futbolçu Karlos Teves Kristiano Ronaldo və Lionel Messinin onun vida matçında eyni komandada çıxış edəcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, Argentina millisinin və “Boka Xuniors”un sabiq hücumçusu karyerasının başa çatması münasibətilə keçirilməsi planlaşdırılan matçda iki əfsanəvi futbolçunu bir komandada görmək arzusunun gerçəkləşəcəyini bildirib.

Tevesin sözlərinə görə, Ronaldo və Messi 2026-cı ilin dekabrında Buenos-Ayresdəki əfsanəvi “La Bombonera” stadionunda keçiriləcək qarşılaşmada iştirak etməyə razılıq veriblər.

“Mən həmişə Kristiano ilə Leonu eyni komandada görmək arzusunda olmuşam. Onlar bütün zamanların ən möhtəşəm iki futbolçusudur. Xüsusilə Kristiano ilə əlaqə saxladım. Ona dedim: “Kristiano, istəyirəm ki, sən və Leo vida matçımda eyni komandada oynayasınız. Bütün dünya bu sehrin şahidi olsun”. O, gələcəyini dedi. Leonu da razı salmaq çətin olmadı. Onların hər ikisi razılığını verdi. Bunu səbirsizliklə gözləyirəm. Bu matç çox emosional olacaq”, – deyə Teves bildirib.

Qeyd edək ki, Karlos peşəkar karyerası ərzində Ronaldo ilə “Mançester Yunayted”də birgə çıxış edib. Onlar 2008-ci ildə Çempionlar Liqasının qalibi olublar. Argentinalı futbolçu Messi ilə isə uzun illər Argentina millisində komanda yoldaşı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: