“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Premyer Liqanın 5-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Kandido oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:Ğ
“Hər iki hissədə kifayət qədər epizodlar yaratdıq. Bu gün bir xala yox, daha artığına layiq idik. Komandamda müəyyən inkişaf görürəm. Rəqibimiz təhlükəli idi. Görünür, hələ çalışmalıyıq. Yenə qeyd edirəm, inkişaf edirik, daha yaxşı olacağıq.
İnanıram ki, hər rəqibə qalib gələ bilərik. İlk qələbəmizi qazanmağı çox istəyirik. Futbolçular çox çalışır, yaxşı hazırlaşırlar. Bəzi futbolçular cəmi 2-3 məşq edib. Qarşıda vaxtımız var, daha yaxşı olmağa çalışacağıq.
Mamadi Banqreni yaxşı oyunçu olduğu üçün transfer etmişik. Ümid edirəm ki, bizim üçün faydalı olacaq. Həmişə istəyərəm ki, bütün komanda birlikdə hazırlıq keçsin. Yeni formalaşırıq. Bu gün 1 xal qazandıq, amma bu, kifayət etmir. Növbəti matçlarda qələbə arzulayırıq”.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov heç-heçəyə belə şərh verib:
“Çətin oyun olacağını bilirdik. Futbolçular hər iki hissədə pis oynamadılar. Fərdi səhvdən qol buraxdıq. Bunlar da futbolun bir parçasıdır. Uşaqlar istədiyim oyunu göstərirdilər. Qələbə üçün çalışdılar, amma olmadı.
Psixoloji baxımdan sıxıntımızın olacağını düşünmürəm. Qarşıdakı matçda bunu dəqiq biləcəyik. Azarkeşlərimiz önündə oynamaq daha rahatdır”.


