İngiltərənin “Tottenhem” klubunun sabiq yarımmüdafiəçisi İv Bissuma bundan sonra Niderland nəhəngi “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Amsterdam təmsilçisi 30 yaşlı futbolçu ilə 30 iyun 2027-ci ilədək müqavilə bağlayıb.
Bissuma yeni klubuna azad agent kimi qoşulub. O, Amsterdam klubunun heyətində 28 nömrəli formanı geyinəcək.
Kot-d’İvuarda anadan olan, eyni zamanda Mali vətəndaşlığı da daşıyan futbolçu peşəkar karyerasına 2016-cı ildə Fransanın “Lill” klubunda başlayıb. 2018-ci ildə İngiltərəyə yollanan yarımmüdafiəçi “Brayton”un formasını geyinib. Dörd ildən sonra, 2022-ci ildə “Tottenhem”ə keçib.
Bissumanın London klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatıb. O, ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 11 matçda meydana çıxıb.
“Ayaks”ın futbol məsələləri üzrə direktoru Jordi Kroyff transferlə bağlı fikirlərini bölüşüb:
“İvlə danışıqlara avqust ayında başladıq və onun burada müqavilə imzalamasından məmnunuq. Onun timsalında ən yüksək səviyyədə nələrin baş verdiyini bilən təcrübəli futbolçu heyətimizə qatılıb. İv bir neçə mövqedə oynaya bilir və ümid edirik ki, mümkün qədər tez meydana çıxmaq üçün icazə əldə edəcək”.
Mali millisinin üzvü olan Bissuma yığmanın heyətində 111 oyun keçirib və 2 qol vurub.


