Renat Dadaşov 120 dəqiqə oynadı, “Bukovina” kubokla vidalaşdı

Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Ukrayna Kubokunun 2026/2027-ci illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində LNZ (Çerkası) ilə qarşılaşıb.

Çernovtsı təmsilçisi ev oyunundan heç-heçə ilə ayrılıb – 0:0. Amma penaltilər seriyasında LNZ 3:0 hesabıyla qalib gələrək mərhələ adlayan tərəf olub.

Renat bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində cəmi 2 oyuna çıxıb.

Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 45 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: