Lionel Messi karyerasının 49-cu titulunu qazandı!

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.

Arena.az xəbər verir ki, “İnter Mayami” bu gün Meksikanın “Kruz Asul” komandasını 2:0 hesabı ilə məğlub edərək Çempionlar Kubokunun qalibi olub.

MLS və Meksika çempionatının qalibləri arasında keçirilən görüşdə Lionel Messi və Kazemiro fərqləniblər. Messi 24-cü dəqiqədə, Kazemiro isə 81-ci dəqiqədə rəqib qapısına yol tapıb.

39 yaşlı argentinalı hücumçu bu qarşılaşmada “İnter Mayami”nin heyətində 100-cü qolunu vurub. Bu, onun klubdakı 115-ci oyunu olub. Ümumilikdə Messinin peşəkar karyerasında 929 qol var.

Bu qələbə Messi üçün karyerasında 49-cu titul olub. O, “İnter Mayami” ilə daha əvvəl Şimali Amerika Liqa Kubokunu (2023), MLS-in müntəzəm mövsümünü (2024), Şərq Konfransının pley-off mərhələsini və MLS çempionluğunu (2025) qazanıb.

Messi ən çox titulunu “Barselona”da çıxış etdiyi dövrdə əldə edib. Kataloniya klubu ilə 35 dəfə müxtəlif turnirlərin qalibi olan argentinalı futbolçu İspaniya çempionatında 10, İspaniya Super Kubokunda 8, İspaniya Kubokunda 7, UEFA Çempionlar Liqasında 4, UEFA Super Kubokunda və klublararası dünya çempionatında isə 3 dəfə qalib gəlib.

Argentina millisinin heyətində Messi 6 titul qazanıb. Bunlara 2022-ci il dünya çempionluğu, 2021 və 2024-cü illərdə Amerika Kuboku, 2008-ci il Olimpiya Oyunları, 2022-ci il Finalissima və 2005-ci il U-20 dünya çempionluğu daxildir.

PSJ-də çıxış etdiyi müddətdə isə Messi Fransa çempionatını iki dəfə, Fransa Super Kubokunu bir dəfə qazanıb.

Qeyd edək ki, Messi futbolçular arasında karyerası ərzində qazandığı titulların sayına görə rekordçudur. İkinci yerdə 43 titul qazanan, peşəkar karyerasını başa vurmuş Dani Alveş qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: