Bekhem: “Qızıl top”u Messi qazanmalıdır”

“İnter Mayami”nin həmsahibi Devid Bekhem Lionel Messinin 2025/26 mövsümünün “Qızıl top” mükafatını qazanmalı olduğunu düşünür.

Arena.az xəbər verir ki, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi bu barədə MLS-in mətbuat xidmətinə açıqlamasında danışıb.

Messi bu gün “İnter Mayami”nin heyətində Çempionlar Kubokunun qalibi olub. Argentinalı hücumçu “Kruz Asul”la qarşılaşmada klubdakı 100-cü qolunu vurub. Bu titul onun karyerasında 49-cu, “Qızıl top” isə artıq 8 dəfə qazandığı mükafatdır.

Bekhem argentinalı ulduzun oyunundan heyranlığını gizlətməyib:

“Onun bizim klubda oynadığına hələ də inana bilmirəm. Hər gün məşqlərə gedir, onu izləyirəm. Bu gün etdiklərini, dünya çempionatındakı çıxışını görəndə onun “Qızıl top”a namizəd olmasının təsadüfi olmadığını anlayırsan.

O, dünya çempionatının ən yaxşı futbolçularından biri idi və ötən mövsüm də yüksək səviyyədə çıxış etdi. Üstəlik, onun 39 yaşı var. Məncə, Messi bu mükafatı qazanmalıdır. Harri Keyn, Kilian Mbappe və Cud Bellingem kimi digər böyük futbolçular da var, amma söhbət Messidən gedəndə mən onu dəstəkləyirəm”, – deyə Bekhem bildirib.

Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Avropada o, “Barselona” və PSJ-nin formasını geyinib. Kataloniya klubu ilə 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və 3 dəfə klublararası dünya çempionatını qazanıb.

Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan Messi, həmçinin 2008-ci il Olimpiya çempionudur və iki dəfə Amerika Kubokunu qazanıb. O, milli komandada keçirdiyi 207 oyun və vurduğu 125 qolla hər iki göstərici üzrə rekordçudur. Messi 6 dünya çempionatında iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: